ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında Əfrasiyab Bədəlbəylinin yubileyi qeyd edilib

   18.04.2017

    17 aprel 2017-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasının Akt zalında Akademiyanın Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Əfrasiyab Bədəlbəyli 110. Azərbaycan baleti ənənəvi incəsənət növləri sintezi kontekstində” mövzusunda seminar keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində Əfrasiyab Bədəlbəyli fenomeni barədə danışmışdır. Professor vurğulamışdır ki, bu günlərdə Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, ilk Azərbaycan və müsəlman Şərqinin ilk baleti olan "Qız qalası" baletinin müəllifi Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyi qeyd edilir. Bu da nəinki Azərbaycan milli mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə sevgi və ehtiramın təcəssümü, eyni zamanda müsəlman Şərqinin incilərinə olan qayğının bariz nümunəsidir. Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi ili çərçivəsində bu kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
    Seminarda Bakı Xoreoqrafiya Akademiyasının Bakalavr və magistratura şöbəsinin müdir müavini, Azərbaycan Respublikasının əməkdar artisti Eteri Cəfərova və Bakı Xoreoqrafiya Akademiyasının “İnstrumental ifaçılıq” ixtisası üzrə 1-ci kurs magistr tələbəsi Vüsalə Zöhrabova məruzələrlə çıxış edərək, dahi bəstəkarın həyat və yaradıcılığını geniş şəkildə işıqlandırdılar.
    Seminarda Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Haqverdiyeva-Qafarova, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova çıxış edərək bəstəkarın Azərbaycan musiqi və teatr mədəniyyətindəki, milli xoreoqrafiya sənətinin inkişafındakı rolu barədə və dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışdılar.
    Seminarda Bakı Xoreoqrafiya Akademiyasının və digər sənət ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti nümayəndələri, tanınmış ustad sənətkarlar və pedaqoqlar iştirak etmişdir.