ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri Gəncə şəhərində ustad dərsləri keçmişlər

   17.04.2017

    12-14 aprel tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova və Akademiyanın Milli rəqs kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar artisti Sənan Hüseynli Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində Gəncə şəhəri, Göygöl, Goranboy və digər ətraf rayonların sənət ictimaiyyəti ilə görüşlər keçirmiş, mədəniyyət işçiləri, pedaqoji heyət və müxtəlif yaş qruplarına aid uşaq, yeniyetmə və gənclərə Azərbaycan milli rəqsi üzrə açıq ustad dərsləri keçmişlər. Ustad dərslərində milli rəqslərimizin tarixi, ənənələri, onlara xas olan elementlər, həm də müasir dövrdə xoreoqrafiya sahəsində gedən proseslər və yeniliklər barədə məlumat verilmişdir.
    Görüşdə vurğulanmışdır ki, xoreoqrafiya sənətinin, o cümlədən klassik və milli rəqsin tədrisi, tədqiqi və təbliği respublikada həyata keçirilən mədəniyyət siyasətinin tərkib hissəsidir və bu siyasətin həyata keçirilməsində Bakı Xoreoqrafiya Akademiyasının müstəsna rolu var. Qeyd edilmişdir ki, peşə yönümlü fəaliyyətin təşkili və inkişafına önəm verən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi bu kimi tədbirlərin hər il planlı şəkildə respublikanın bütün şəhər və rayonlarında keçirilməsi barədə layihələr üzərində çalışır.
    Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova tədbir iştirakçılarını 2017/2018-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının bütün pillələrinə, o cümlədən tam orta, orta ixtisas (kollec), bakalavriatura və magistratura pillələrinə qəbul qaydaları ilə tanış edərək, mövcud və yeni ixtisaslar barədə məlumat vermişdir.
    Mütəxəssislər nəzəri biliklərlə yanaşı, ustad dərslərin iştirakçılarına əyani şəkildə həm elementlər, həm də rəqslər nümayiş etdirmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Silsilə tədbirlərin sonunda xalq artisti Təranə Muradova və əməkdar artist Sənan Hüseynlinin təqdim etdiyi “Naz eləmə” rəqsi tədbir iştirakçılarının rəğbətini qazanaraq, yüksək sənət nümunəsi kimi qiymətləndirilmişdir.
    İki günlük ustad dərslərindən sonra Bakı Xoreoqrafiya Akademiyasının rəsmilərini Gəncə şəhərinin rəhbərliyi qəbul etmişdir. Görüşdə əməkdaşlıq, sənət layihələri və perspektiv fəaliyyət müzakirə olunmuşdur.