ƏSAS SƏHİFƏ    ||   AKADEMİYA HAQQINDA    ||   REKTOR    ||   NİZAMNAMƏ    ||   QƏBUL QAYDALARI    ||   AKADEMİYA MƏTBUATDA   ||   XƏBƏRLƏR    ||   ƏLAQƏ   


   

   

   

   

   



 Bakı Xoreoqrafiya Akademiyasında növbəti tədbir

   12.04.2017

   11 aprel 2017-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasında Akademiyanın Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın müasir fortepiano musiqisi: yaradıcılıq və ifaçılıq xüsusiyyətləri. Bəstəkar Eldar Dadaşovun əsərlərindən ibarət konsert-seminar” keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli kafedranın tarixi və fəaliyyəti haqqında qısa məlumat verərək, kafedrada çalışan müəllimlərin elm və sənət sahəsində uğurlarından söz açmışdır. Qeyd edilmişdir ki, hörmətli rektor, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə fəaliyyət göstərən və dinamik inkişaf edən Bakı Xoreoqrafiya Akademiyasında Musiqi fənləri kafedrasının özəlliyi ondadır ki, buraya təcrübəli və peşəkar musiqiçilər, musiqişünaslar və bəstəkarlar cəlb olunmuşdur. Nəzərə alsaq ki, xoreoqrafiya sintetik incəsənət növü kimi musiqisiz təsəvvür edilə bilməz, kafedranın professor-müəllim heyətinin üzərinə böyük məsuliyyət düşür. Daha sonra professor N. Rəhimbəyli tədbirin əsas qəhrəmanı olan Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının dosenti, əməkdar mədəniyyət işçisi, bəstəkar-pianoçu Eldar Dadaşovun həyat və yaradıcılığına nəzər saldı. Qeyd olundu ki, Azərbaycanda professional musiqinin və professional bəstəkarlıq məktəbinin banisi Üzeyir bəy Hacıbəylinin ənənələrini qoruyub saxlayan və nəsildən-nəslə ötürən nəhəng bəstəkarlardan bəhrələnərək, görkəmli bəstəkarımız Cövdət Hacıyevin tələbəsi olan Eldar Dadaşovun yaradıcılığı janr və üslub baxımında həm rəngarəng, eyni zamanda da zəngindir.
    Daha sonra söz Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcova verildi. Hörmətli qonaq Eldar Dadaşovla bağlı xatirələri ilə bölüşdü və onun müasir bəstəkarlıq məktəbinin layıqli nümayəndələrindən biri olduğunu qeyd etdi.
    Tədbir Bakı Xoreoqrafiya Akademiyasının Tam orta məktəbin şagirdləri, bakalavr və magistr tələbələrinin ifasında bəstəkar-pianoçu Eldar Dadaşovun əsərləridən ibarət konsert proqramı ilə sona çatdı.
    Konsert-seminarda Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi, Akademiyanın və digər sənət ali təhsil müəssisələrinin professor-müəllim və tələbə heyəti nümayəndələri, tanınmış ustad sənətkarlar və pedaqoqlar iştirak etmişdir.